“Muzeylər gecəsi”ndə Bülbül işığı
“Muzeylər gecəsi”ndə Bülbül işığı
Beynəlxalq Muzeylər Günü münasibətilə Filarmoniya bağında keçirilən “Muzeylər gecəsi” aksiyasında dahi Bülbülün memorial muzeyi də iştirak edib.
Sərgidə üç stend və muzeyin nəşrləri, Bülbülün xanımı Adelaida Məmmədovanın böyük sənətkara həsr etdiyi Azərbaycan və rus dillərində monoqrafiyaları, üzərində görkəmli xanəndənin təsviri olan döş nişanları nümayiş olunub.
Böyük maraqla qarşılanan birinci stend ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Bülbül irsinə qayğısından bəhs edirdi. Ulu öndər sənət fədaisini belə dəyərləndirirdi: “Bülbülün yaradıcılığı Azərbaycanın böyük sərvətidir”.
Digər stenddə ziyarətçilərə Bülbülün Bakı və Şuşadakı xatirə muzeylərinin fotoşəkilləri, Şuşadakı evi, evin həyətində dağıdılmış büstünün şəkilləri və bir sıra sənədlər nümayiş etdirilirdi. Burada sənətkarın 1931-ci ildə məşhur italyan musiqi jurnalı “Arte Nostra”da dərc edilmiş böyük portreti və onun haqqında yazılmış məqalənin, 1933-cü ildə Moskvada keçirilən vokalçıların ümumittifaq müsabiqəsində layiq görüldüyü diplomun, Fikrət Əmirovun “Kürd ovşarı” partiturası üzərində Bülbülə təşəkkür ifadə edən sözlərinin, böyük müğənninin SSRİ Xalq artisti və Stalin mükafatı laureatı diplomlarının fotosurətləri də yer almışdı.
Bülbülün xalq xanəndəsindən professional vokal sənətinin zirvəsinədək keçdiyi həyat yolunun, opera səhnəsində ifa etdiyi Hersoq, Əliyar, Koroğlu, Əsgər, Aslan, Nizami kimi rolların əks olunduğu fotoşəkillərdən ibarət stend də maraqla qarşılandı.
Guşəyə yaxınlaşan insanlara Azərbaycan professional vokal sənətinin banisi Bülbülün həyatı və yaradıcılığı haqqında suallar verildi, fərqlənənlərə dahi sənətkar haqqında nəşr olunmuş kitablar hədiyyə olundu. Sərgi müddətində ziyarətçilər dahi Bülbülün ifasında vətənpərvərlik mahnıları və ariyaların ölməz ifasını bir daha dinlədilər.
Adilə Məmmədova,
Bülbülün memorial muzeyinin böyük elmi işçisi
06.06.2017