About Us
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə 1976-cı ildə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin Mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyi yaradılmışdır. 1977ci il, iyulun 1-də Bülbülün Memorial Muzeyinin direktoru vəzifəsinə onun xanımı A.R.Məmmədova təyin olunmuşdur.
Avqustun 1-də isə Çingiz Bülbüloğlu öz xahişi ilə BMKZ-nin xarici əlaqələr şöbəsinin müavini vəzifəsindən çıxıb, muzey əşyalarının komplektləşdirilməsi və tədqiq edilməsi üçün atasının muzeyinə fondların Baş mühafizi vəzifəsinə gəlmişdir.Azərbaycan KP MK-nın və Respublika Nazirlər Sovetinin 16 iyun, 223 saylı qərarına əsasən 10 iyun 1982-ci ildə Bakıda Bülbülün Memorial Muzeyi açılmışdır.
Muzeyin fondlarında olan böyük material Bülbülün yarım əsrdən çox öz yüksək parlaq istedadını Azərbaycan musiqi incəsənətinə həsr etməsini inandırıcı surətdə göstərir. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti, Azərbaycan musiqi incəsənətinin bütün sahələrinə aid hərtərəfli və müxtəlif yaradıcılığı haqqında 9000-ə yaxın sənəd və material toplanmışdır.Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir.
Muzey – sahəsi 75 kv.m. olan 4 ekspozisiya otağından ibarətdir. Üç otaq memorial olaraq saxlanılmışdır, biri sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci il sentyabrın 26-dək yaşayıb-yaratmışdır.