Azerbaijan, Baku city, Xaqani 43 st.
+994 (12) 493-5697

Branch

Bülbülün Şuşadakı Ev-muzeyi
Bu gün Şuşa erməni işğalı altındadır. Şübhə etmirik ki, yaxın gələcəkdə torpaqlarımız azad ediləcək. Erməni vəhşiləri tərəfindən darmadağın edilmiş evlər yenidən bərpa olunacaq və ilk növbədə, dahi Bülbülün ev -muzeyi. Məhz bunun üçün həmin muzeydə ekspozisiya olunanlar haqqında ən ətraflı məlumatı gələcək nəsillərə çatdırmağı öz müqəddəs borcumuz bilirik.

1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev-muzeyi onun Bakı şəhərindəki Memorial Muzeyinin filialı idi. Ev iki otaq və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini burada keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məhşur xanəndə və musiqiçilərə qulaq asmışdır.

Bülbülün ev-muzeyinə gələnlər baxışı sağ tərəfdə yerləşən birinci otaqdan başlayırdılar. Otağın divarında respublika rəhbərlərinin, SSRİ Böyük Teatrının məhşur truppasının iştirakı ilə Bülbülün Bakıdakı Memorial Muzeyinin, DQMV-nin rəhbərlərinin iştirakı ilə Şuşadakı ev-muzeyinin təntənəli açılışının fotoşəkilləri asılmışdır.

Burada Bülbülün uşaqlıq illərindən bəhs edən şəkillər və onun qavalı da yerləşdirilmişdir. Vitrində Bülbülün şəxsi əşyalarından bəziləri, o cümlədən, onun xanəndə kostyumu nümayiş etdirildi. Divarda Bülbülün 1925-1926-ci illərdəki konsert afişaları asılmışdı. Ekspozisiyada Bülbülün Azərbaycanda 20-ci illərdə Gəncədəki fəaliyyəti, mədəni inqilab illərində Azərbaycanda musiqi quruculuğunda fəal iştirakı əks etdirilmişdi. Vitrinlərdə Bülbülün komsomol və həmkarlar ittifaqındakı fəaliyyətindən danışan sənədlərin fotosurətləri, Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan Dövlət Konservatoriyasında və İtaliyada təhsili haqqında sənəd və materiallar, italyan jurnalı “Arte Nostra” da Bülbülün böyük portreti və onun haqqında məqalə, dostları və ailəsi ilə şəkilləri nümayiş etdirildi. Fotoşəkillərlə yanaşı burada Bülbülün əlyazmaları, dərc edilmiş məqalə və məruzələri də var idi.

İkinci otaqda Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri ekspozisiya edilmişdir. Vitrinlərdə Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, eləcə də xalq musiqisinin öyrənilməsi və təbliğində

Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirildi. Burada Bülbülün iştirak etdiyi opera tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri əks etdirən şəkilləri, məruzələri, onun iştirak və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, rəsmi məktubların əsli və fotosurətləri göstərilmişdi. Bülbülün yaradıcı, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər də burada geniş yer tuturdu. Həmin otaqda Bülbülün əmək adamları, sərhədçilər, uşaqlarla görüşlərinin fotoşəkilləri nümayiş etdirilirdi. Bülbülün fəaliyyəti gündəlik həyatından ayrılmaz idi. O, böyük sevinclə ilhamını, əməyini xalqa bəxş edirdi. Xalq isə böyük etimad göstərərək onu ömrünün sonuna qədər Azərbaycan SSRİ Ali Sovetinin bütün çağrışlarına millət vəkili seçirdi. Bu otaqdakı vitrində Bülbülün SSRİ Xalq artisti diplomu, professorluq attestatı, SSRİ dövlət mükafatı laureatı diplomu və vəsiqəsi ekspozisiya edilirdi.

Muzeyə gələnlərin diqqətini dərhal divarda Bülbülün heykəltəraş Arif Qazıyev tərəfindən yaradılmış bürünc barelyefi cəlb edərdi. Bülbülün Elmi-Tədqiqat Musiqi Kabinetindəki “Bekşteyn” royalı da elə bu otaqda yerləşirdi. Azərbaycan bəstəkarlarının, demək olar ki, bütün yeni əsərləri bu royalda yaradılmışdır.

Vitrinlərin birində Bülbülün Sovet Ordusu döyüşçüləri ilə yaradıcı dostluğunu, Böyük Vətən müharibəsi illərində Zaqafqaziya və Bryansk cəbhələrində, hərbi hissə və hospitallarda mədəni xidmətini, fövqəladə intensiv işini əks etdirən sənədlər, o cümlədən, Qızıl Ordunun tank dəstələrinə və döyüşçülərin ailələrinə qayğısına görə Ali Baş komandan İ.V.Stalinin Bülbülə göndərdiyi iki təşəkkür teleqramı nümayiş etdirilirdi. Otağın mərkəzindəki şüşə vitrində Bülbülün 1928-ci ildəki frakı asılmışdı. Vitrinlərdə Bülbülün müxtəlif illərdə məruzə və çıxışları, SSRİ -İtaliya cəmiyyətinin təşkilat iclasının protokollarından biri, “Harribaldi Ulduzu”nun fotoşəkli, Bülbülün anadan olmasının 60 illik və yaradıcılıq fəaliyyətinin 40 illik yubiley təntənəsi ilə əlaqədar olaraq müxtəlif təşkilatların, ayrı-ayrı şəxslərin təbrik və teleqramları, təltif olunma haqda fərmanlar, Bülbülün orden və medallarının mulyajları nümayiş etdirilirdi. Ekspozisiya Bülbülün xatirəsini əbədiləşdirən materiallarla, Bülbülün məzarı üzərindəki abidənin, Bülbül adına orta ixtisas musiqi məktəbinin, Azərbaycan Dövlət Konservatoriyasındakı dərs dediyi sinfin, onun adını daşıyan kranlı gəminin və küçələrin, memorial lövhələrin, eləcə də, Azərbaycan Dövlət Opera və Balet Teatrının foyesində qoyulmuş büstünün, Bakıdakı Memorial Muzeyinin, Şuşadakı ev-muzeyinin fotoşəkilləri ilə tamamlanırdı.

Azərbaycan Xalq şairi Süleyman Rüstəmin və şair Tofiq Bayramın Bülbülə həsr etdiyi şerlərinin foto əksi ekspozisiyanın emosional təsirini qüvvətləndirirdi.

Muzeyin fasadında vurulan memorial lövhələrin arasında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən yaradılmış uşaqlıq illərinin portreti əks olunmuş və üzərində Azərbaycan,r us dillərində yazılmışdır:

“Bu evdə Azərbaycan Sovet professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbül anadan olmuş və uşaqlıq illərini keçirmişdir”.

İnanırıq ki, gün gələcək – həmin sözlər ölməz sənətkarın bərpa olunacaq ev-muzeyinin önündə təzədən yazılacaq.

Böyük nəğməkarımız Bülbülün, eləcə də dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Natəvanın erməni vəhşiləri tərəfindən güllələnmiş heykəlləri ölməz Bülbülün ləyaqətli oğlu Polad Bülbüloğlunun səyləri nəticəsində Bakıya gətirildi.Hazırda həmin heykəllər İncəsənət Muzeyinin həyətində yerləşdirilib.İnanırıq ki,yaxın gələcəkdə onlar yenidən Şuşaya qaytarılacaq.

WHATSAPP ZƏNG ET